Polşa Belarusa hücum edəcəkmi? | Minskdən baxış

   Polşa Belarusa hücum edəcəkmi?    | Minskdən baxış
  06 Fevral 2024    Oxunub:3818
Aleksandr Alesin
Belarus hərbi ekspert,
Xüsusi olaraq AzVision.az üçün

Son vaxtlar Polşanın xarici kredit hesabına aktiv şəkildə silah-sursat aldığı müşahidə edilir. Varşava Cənubi Koreyadan 1000 ədəd, ABŞ-dən isə 250 ədəd tank, habelə 900 km.-dək uçuş məsafəsinə malik JASSM qanadlı raketləri almağı planlaşdırır. Belə güclü hərbi avadanlıq əldə edəcəyi təqdirdə Polşa regionda nüfuzlu hərbi qüvvəyə çevrilə bilər.
Hərçənd, burada iki məqama diqqət yetirmək lazımdır.

Birincisi, Rusiya Federasiyası ilə Belarus arasında bağlanmış müqaviləyə əsasən, xarici təcavüz zamanı biri digərini müdafiə etməyə borcludur. Hücum potensialını artıran Polşa Belarusu hədəfə götürərsə, Rusiya bütün hərbi gücü, eləcə də kütləvi qırğın silahları ilə dostunun dadına çatacaq. Dövlət rəsmilərinin - prezident Putinin və müdafiə naziri Şoyqunun bəyanatları da “gözlənilən müdafiə ehtimalı”nı təsdiqləyir.

Belarus öz növbəsində müttəfiqindən taktiki nüvə silahı, o cümlədən, “İsgəndər-M” əməliyyat-taktiki kompleksi üçün xüsusi döyüş başlıqları və “SU-25” qırıcıları üçün nüvə aviabombaları istəyib. Prezident Aleksandr Lukaşenkonun bəyanatına görə, həmin sursatlar artıq ölkəyə çatdırılıb.

Beləliklə, regionda gücünü isbat etməyə çalışan Polşanın qarşısında iki tərəfdən: Belarusdan, həmçinin Rusiyanın eksklavı Kalininqraddan potensial nüvə əngəli var.

İkinci məqam Almaniya və Fransanın hərbi gücünün zəifləməsi fonunda Polşanın NATO-da lider mövqe tutmaq istəyi ilə bağlıdır. Rəsmi Varşava ümidlidir ki, bu çərçivədə ABŞ onu əsas müttəfiqi kimi görəcək və ölkədə hərbi infrastrukturun inkişafına dəstək verəcək.

İstənilən halda deyə bilərik ki, Polşa-Belarus müharibəsi ehtimalı olduqca aşağıdır. Hər şeydən əlavə, Belarus ərazisindəki nüvə silahı, habelə 300 km atəş məsafəsinə malik “Polonez” əməliyyat-taktiki kompleksləri qarşı tərəfi hücumdan çəkindirməyə kifayətdir. Rəsmi Minsk Polşadan gələ biləcək istənilən təhlükənin qarşısını alacağına əmindir.


Teqlər: Belarus   Polşa  





Xəbər lenti